XƏBƏRLƏR

Almaniya şirkəti Azərbaycanın neft-qaz sektorunda əməkdaşlıqda maraqlıdır

İYUL 28, 2023

Almaniyanın "Düchting Pumpen" şirkəti Azərbaycanın neft-qaz sektorunda əməkdaşlıqda maraqlıdır. Bu barədə "Düchting Pumpen" şirkətinin satış üzrə direktoru Aleksandr Kovalçuk deyib. Onun sözlərinə görə, şirkət həmçinin dəniz suyunun şirinləşdirilməsi sektorunu nəzərdən keçirir.

"Bu gün Azərbaycanda uğurla tamamlanmış bir neçə layihə var. Azərbaycan bizim üçün yeni bazardır və biz burada böyük perspektivlər görürük. Bundan əvvəl SOCAR ilə birgə boru yağının nasoslanması layihəsini, həmçinin "AzerEnerji" ilə dəniz suyunu qumla nasoslayan nasosun quraşdırılması üzrə birgə layihə həyata keçirmişik", - deyə o vurğulayıb.

A.Kovalçuk Azərbaycana yeni tədarüklərin gözlənildiyini qeyd edib.

"SOCAR və AzərEnerji kimi şirkətlərlə aktiv danışıqlar aparırıq. Əməkdaşlığımızı davam etdiririk. Əminəm ki, Azərbaycanda yeni tərəfdaşlıqlar qurmağa və sazişlər bağlamağa nail olacağıq", - deyə o əlavə edib.

"Duchting Pumpen" şirkətinin satış üzrə direktorunun sözlərinə görə, şirkət Azərbaycana mərkəzdənqaçan nasoslar, əmtəə neftinin, suyun, kimyəvi vasitələrin və çəkilməsi mümkün olan digər maddələrin çəkilməsi üçün nasoslar, həmçinin bu avadanlığa dəstək və qulluq üzrə xidmətlər təklif etməyə hazırdır.

https://az.trend.az/business/energy/3778180.html