İspaniyanın "Enagas" şirkəti Trans-Adriatik boru kəmərində (TAP) əlavə pay əldə edilməsi üzrə sazişin icrasını tamamlayıb.
TAP-da əlavə olaraq 168 milyon avro dəyərində 4 faiz pay əldə edilməsi üzrə sazişi 25 iyul 2023-cü ildə tamamlayıb.
Beləliklə, "Enagas"ın TAP-da ümumi payı 20 faiz olub.
Xatırladaq ki, bu ilin yanvar ayında "Axpo" Trans-Adriatik boru kəmərindəki 5 faiz payını səhmdarlar "Fluxys" və "Enagas S.A"a satmağa qərar verib. Alqı-satqı müqaviləsinə əsasən Belçikanın "Fluxys" şirkəti "Axpo"nun səhmlərinin 1%-ni, İspaniyanın "Enagás" şirkəti isə 4%-ni əldə edib. Beləliklə, hər iki şirkət bp (20%), SOCAR (20%) və Snam (20%) şirkətlərinin daxil olduğu TAP konsorsiumunda 20% səhmə sahib olublar.
Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.