XƏBƏRLƏR

İtaliya şirkəti Aİ-dən TAP-ın genişləndirilməsi üçün maliyyə istəyib

İYUL 31, 2023

İtaliyanın dövlət qaz şəbəkəsi operatoru “Snam” bəzi layihələri, o cümlədən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi üçün Avropa İttifaqının (Aİ) “REPowerEU” yaşıl enerji sxemindən maliyyə dəstəyi almağı planlaşdırır.

“Reuters”ə istinadən xəbər verir ki, “Snam” şirkəti Aİ-yə karbon qazının tutulması, ölkədə saxlanc sisteminin genişləndirilməsi və TAP-ın gücünün artırılması ilə bağlı üç investisiya layihəsi təqdim edib.

Var qüvvəsi ilə Avropa İttifaqının COVID-dən sonrakı bərpa üçün yaradılmış fondundan 2026-cı ilə qədər 191,5 milyard avro (210,59 milyard ABŞ dolları) xərcləməyə çalışan İtaliya hökuməti həmin bu vəsaitin bir hissəsini “REPowerEU” layihələrinə yönəltmək istəyir.

Hökumətin dərc etdiyi sənədə əsasən, rəsmi Roma “REPowerEU” çərçivəsində ümumilikdə 19 milyard avro (21 milyard ABŞ dolları) xərcləyə bilər, eyni zamanda Brüssel tərəfindən təsdiq edilməli olan təklifə əsasən “Snam” layihələrinə 400 milyon avrodan çox vəsait ayrılacaq.

“Sentyabrın sonu və ya oktyabrın sonuna qədər təqdim etdiyimiz layihələr üçün mövcud vəsait haqqında daha çox məlumat əldə edə bilərik”, - “Snam”ın Baş direktoru Stefano Venyer deyib.

Qeyd edək ki, “Snam” şirkəti TAP-ın digər səhmdarları - Britaniyanın BP, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR), Belçikanın “Fluxys” və İspaniyanın “Enagas” şirkətləri ilə birlikdə bərabər paya (20 %) malikdir.

Azərbaycan qazının TAP ilə Avropaya tədarükünə 2020-ci ilin sonunda başlanılıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

Azərbaycan ilə Aİ arasında imzalanmış sazişə uyğun olaraq, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

TAP-ın ümumi uzunluğu 878 km təşklil edir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi boyunca və 8 km-i İtaliya ərazisindən keçir.

https://report.az/energetika/italiya-sirketi-ai-den-tap-in-genislendirilmesi-ucun-maliyye-isteyib/