Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arcelli ilə görüşüb.
Görüşdə “ACWA Power” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti məmnunluqla qeyd edilib. Bu xüsusda ötən il şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanıldığı və bu layihənin ölkəmizin “yaşıl enerji” strategiyasına və dayanıqlı enerji təhlükəsizliyinə dəyərli töhfə verəcəyi vurğulanıb. Şirkətin Azərbaycanda bərpa olunan enerji sahəsinə sərmayə yatırmasının ölkəmizdə yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürü olduğu bildirilib.
Görüş çərçivəsində cari ilin fevral ayında SOCAR ilə "ACWA Power" şirkəti arasında imzalanan “Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş fotovoltaik və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair” Əməkdaşlıq Sazişi üzrə görülən işlər və gələcək planlar müzakirə edilib.
Tərəflər, həmçinin enerji keçidi, dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
https://report.az/energetika/socar-prezidenti-acwa-power-sirketinin-bas-icraci-direktoru-ile-gorusub/