Azərbaycan və Pakistan bərpa olunan enerji sahəsində mütəxəssislər səviyyəsində müzakirələr aparacaq.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndəsi Pakistanın Mərkəzi Enerji Alqı-Satqı Agentliyinin icraçı direktoru Rihan Axtar ilə görüşündə bildirilib.
Agentliyinin nümayəndəsi Azərbaycanda enerji sahəsində həyata keçirilən islahatlar, yaşıl enerji layihələri üzrə beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq, o cümlədən “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə keçirilən tədbirlər barədə məlumat verib. Bu ilin may ayında qəbul olunmuş “Elektroenergetika haqqında” Qanunun əsas müddəaları, liberal bazar modelinə keçidlə bağlı görülən işlər diqqətə çatdırılıb.
Mərkəzi Enerji Alqı-Satqı Agentliyinin icraçı direktoru ölkəsinin liberal bazar modelinə keçid mərhələsində olduğunu bildirib, vahid alıcı modelinin fəaliyyət mexanizmləri, mövcud informasiya sistemləri barədə geniş məlumat verib.
https://report.az/energetika/azerbaycan-ve-pakistan-mutexessisleri-yasil-enerji-sahesinde-muzakireler-aparacaq/