XƏBƏRLƏR

Azərbaycan enerji resurslarının şaxələndirilməsində əsas oyunçu kimi rolunu gücləndirir

AVQUST 04, 2023

“Azərbaycan enerji resurslarının şaxələndirilməsində əsas oyunçu kimi rolunu gücləndirir”, bunu rumıniyalı ekspert, analitik, “Smartlink Communications” şirkətinin direktoru Radu Maqdin deyib.

“Xəzər regionundan Avropaya “yaşıl enerji”nin nəqli layihəsinin həyata keçirilməsi regional və hətta qlobal enerji təhlükəsizliyinin yüksəlməsinə töhfə verəcək. Bu məqsədlə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında birgə müəssisə yaradılacaq”, - o bildirib.

Ekspert əlavə edib ki, birgə müəssisə Azərbaycanı Gürcüstandan keçməklə Rumıniya və Macarıstana birləşdirən dənizaltı kabel vasitəsilə “yaşıl elektrik enerjisi”ni təmin etməyi hədəflədiyi üçün bu layihə Avropa İttifaqının (Aİ) geniş strategiyasına uyğundur: “Bu strategiya Avropa ilə digər regionlar arasında daha güclü əlaqələr yaratmaq məqsədi daşıyır”.

Onun sözlərinə görə, Azərbaycan bu təşəbbüsün əsas iştirakçısı kimi Avropada enerji resurslarının şaxələndirilməsi və dayanıqlılığın artırılması səylərində əsas oyunçu kimi rolunu gücləndirə bilər: “Bu layihənin ən diqqətçəkən cəhətlərindən biri onun Azərbaycan üçün dayanıqlı enerji və alternativ enerji marşrutlarının təmin edilməsinə verdiyi töhfədir”.

R.Maqdin hesab edir ki, bu, Azərbaycana elektrik enerjisi təchizatçısı kimi rolunu genişləndirməyə imkan verir və Xəzər regionu, Qara dəniz və Aİ-yə üzv dövlətlər arasında daha geniş inteqrasiyanı təşviq edir: “Bu inteqrasiya Aİ-nin bir enerji mənbəyindən və ya təchizatçısından asılılığını azaltmaq üçün çox vacibdir”.

Analitik vurğulayıb ki, yeni təşəbbüs təkcə enerji davamlılığı üçün dəhliz deyil, həm də Avropanın daha geniş dayanıqlılığının təşviqi və enerji təchizatının şaxələndirilməsi baxımından Azərbaycana olan etimadın göstəricidir: “Bu qarşılıqlı faydalı əlaqələr çox ehtiyac duyulan inteqrasiyanı gücləndirir”.

Ekspertin fikrincə, “yaşıl enerji”nin nəqli layihəsindən həm Azərbaycan, həm də Aİ faydalanacaq.

https://report.az/energetika/radu-maqdin-azerbaycan-enerji-resurslarinin-saxelendirilmesinde-esas-oyuncu-kimi-rolunu-guclendirir/