Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri-Mərkəzi-Şərqi” (ACE) platforması Xəzərdə sahildən idarə ediləcək ilk dəniz platforması olacaq.
AÇG layihəsinin operatoru “BP-Azerbaijan” şirkətinin məlumatlna görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qari Counz ACE platformasının üst modullarının dənizə yola salınması zamanı bildirib.
Onun sözlərinə görə, bu gün BP ACE platformasının son hissəsini dənizə yola salıb: “İnanırıq ki, bu platforma sistem və proseslərin avtomatlaşdırılması və rəqəmsal innovasiyaların geniş istifadəsinə imkan yaradacaq ən müasir dizayna malik möhtəşəm innovativ mühəndislik nümunəsidir. Operator olaraq biz çox məmnunuq ki, belə bir mürəkkəb layihənin quruda aparılması planlaşdırılan bütün tikinti işlərini və istismar sınaqlarını uğurla başa çatdırdıq”.
Q. Counz bütün bu işlərdə əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib: “Möhtəşəm icra göstəricilərinə və əldə etdiyimiz nailiyyətlərə görə platformanın hazırlanmasında iştirak edən podratçılarımıza, tikinti, istismar sınaqları, əməliyyatlar, texniki təhlükəsizlik və mühəndis qruplarımıza və bütün işçi qüvvəsinə xüsusilə təşəkkür edirəm”.
O qeyd edib ki, üst modulların növbəti günlər ərzində təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırılacağını planlaşdırılır: “Bundan sonra isə platformadan ilk hasilat quyusunun qazma işlərinə başlamaq və 2024-cü ilin əvvəlində ilk nefti əldə etmək üçün dənizdə quraşdırma işlərinin və istismar sınaqlarının tamamlanmasına bizə bir neçə ay lazım olacaq.“
Qeyd edək ki, bu gün “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınıb. Obyektin dənizdə quraşdırılması və işə-salınması üçün tələb olunan işləri minimuma endirmək məqsədilə yola salınmazdan əvvəl üst modulların əsas istismar sınaqları və yoxlamaları quruda həyata keçirilib.
Xatırladaq ki, aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyev üst modulların inşa edildiyi tikinti-quraşdırma sahəsinə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olmuşdu. Həmin vaxtdan bəri işçi heyəti quruda aparılması planlaşdırılan əsas istismar sınaqlarını və yoxlamaları uğurla başa çatdırıb. Bu işlərə qazma qurğusunun quruda işə salınması və sınaq əməliyyat işləri aparılması müddətinin uğurla bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin bütövlükdə əminlik sınaqları və sistemi dayandırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi.
Bu işlər bitdikdən sonra üst modullar təhlükəsiz şəkildə lazımi hündürlüyə qaldırıldı və yükləmə çərçivəsi qurğusunun üzərinə endirildi ki, oradan da daşıma barjasının üstünə sürüşdürülsün.
Mayın 30-da STB-1 daşıma barjası Bibiheybət tikinti-quraşdırma sahəsinə gətirildi və üst modulların barjaya yüklənməsi əməliyyatı üçün hazırlıqlar başlanıb. İyul ayının 2-də üst modullar bütövlükdə STB-1 barjasının üzərinə yükləndi və dənizdə dayaq blokunun üzərinə quraşdırılmaq üçün avqustun əvvəlində AÇG yatağı sahəsinə yola salınmağa hazır vəziyyətə gətirilib.
Üst modulların daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılıb və bu işlərin təxminən dörd günə tamamlanacağı gözlənilir. Üst modullar mart ayından bəri suyun 137 metr dərinliyində quraşdırılmış ACE platformasının dayaq blokunun üzərinə yerləşdiriləcək.
19 600 ton çəkisi olan üst modulların tikintisinə 2019-cu ildə başlanıb və tikinti işləri möhtəşəm təhlükəsizlik göstəricisi ilə, yəni heç bir xəsarətə yol vermədən 21 milyon saat iş yerinə yetirilməklə tamamlanıb. ACE platformasının üst modulları neft və qaz emalı qurğularından, qazma qurğusu və avadanlığı kompleksindən, qaz kompressorundan və yaşayış bloklarından ibarətdir.
Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində “Azfen” şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib.
https://report.az/energetika/bp-ace-xezerde-sahilden-idare-edilecek-ilk-deniz-platformasi-olacaq/