XƏBƏRLƏR

AYİB-in dəstəyi ilə "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatı hazırlanıb

AVQUST 08, 2023

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə "Advisian" məsləhətçi şirkət tərəfindən "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatı hazırlanıb.

Bazar Araşdırmasının nəticələrində, yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli olduğu qeyd olunub, eləcə də regional enerji bazarlarına (o cümlədən Avropa İttifaqına) ixrac edilməsi və daxili istehlakda tətbiq sahələri təklif olunub. Hesabatda gələcək addımlar, daxili bazarda yaşıl hidrogenin istehlak edilə biləcəyi sahələr (enerji və sənaye), hidrogen istehsalının maya dəyəri (LCOH), ixrac marşrutları və digər məsələlər barədə məlumat verilib.

Hesabatda bildirilir ki, Azərbaycan böyük bərpa olunan enerji potensialına (quruda və dənizdə) və təbii qaz ehtiyatlarına malik olduğunu nəzərə alaraq aşağı karbonlu hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün əlverişli mövqeyə malikdir. Bazar Araşdırmasının nəticələrinə əsasən, maya dəyəri baxımından Azərbaycanda yaşıl hidrogen istehsalı regionun başqa ölkələri ilə bu istiqamətdə rəqabət apara bilər.

https://az.trend.az/business/3781639.html