Qazaxıstan və Azərbaycan Bakı-Supsa boru kəməri ilə neft nəqlinin başladılması imkanını nəzərdən keçirir, bunu Qazaxıstanın energetika naziri Almassadam Satkaliyev hökumət iclasının kuluarlarında jurnalistlərə deyib.
"Artıq Bakı-Tbilisi-Ceyhan vasitəsilə Qazaxıstan neftinin ixracına dair razılaşmalar əldə etmişik və Bakı-Supsa boru kəməri ilə neft nəqlinin başladılması imkanları müzakirə olunur. Bundan başqa, məlumat verdiyimiz kimi, Qazaxıstan "Drujba" boru kəməri ilə Almaniyaya neft nəqlinə başlayıb", - deyə A.Satkaliyev qeyd edib.
Nazirin sözlərinə görə, bu tədarüklər Qazaxıstan neftinin tranzitinə dair bundan əvvəl bağlanmış sazişlərə əsasən həyata keçirilir.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov 2023-cü ilin sonunadək Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan 1 milyon 125 min ton neftin tədarük olunacağını bildirib.
"Azərbaycan hər ay Qazaxıstan neftini daşıyan 12-14 tanker qəbul edir. Bu, hadisələrin qənaətbəxş inkişafıdır. Tərəflər arasında ilkin razılaşma bu il 1 milyon 500 min ton neft nəqlini nəzərdə tuturdu. Lakin nəzərə alsaq ki, tədarüklər bu ilin aprel ayında başlayıb, 2023-cü ilin sonunadək 1 milyon 125 min ton nəql edə bilərik", - o deyib.
https://az.trend.az/business/energy/3781909.html