XƏBƏRLƏR

İtaliyanın Azərbaycan qazının idxalına çəkdiyi xərclər AÇIQLANIB

AVQUST 30, 2023

İtaliya 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycandan təbii qazın idxalına 2,8 milyard avro xərc çəkib.

Azərbaycandan bu ölkəyə idxal olunan qazın dəyəri may ayındakı 365,8 milyon avro ilə müqayisədə 263,5 milyon avro olub ki, bu da 28 faiz azalma deməkdir.

2023-cü ilin ilk altı ayı ərzində İtaliya Azərbaycandan 4,5 milyard kubmetrdən çox qaz idxal edib.

İyun ayında İtaliyaya qaz tədarükü may ayındakı 764,2 milyon kubmetrlə müqayisədə 2,5 faiz azalaraq, 745,2 milyon kubmetr olub.

Azərbaycan Respublikası Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 24,1 milyard kubmetr təbii qaz hasil olunub.

Bu dövrdə Azərbaycan qazının satış həcmi 12 milyard kubmetr olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,5 faiz çoxdur. Yanvar-iyun ayları ərzində Türkiyəyə 5 milyard kubmetrə yaxın, Avropaya 5,7 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac olunub. Qeyd etmək lazımdır ki, bu dövrdə Trans-Anadolu boru kəməri (TANAP) ilə Türkiyəyə 2,8 milyard kubmetrdən çox qaz ixrac olunub.

Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə tədarük edir. Boru kəmərinin gücü ildə 20 milyard kubmetrədək genişləndirmə imkanı ilə 10 milyard kubmetr təşkil edir.

https://az.trend.az/business/energy/3790136.html