XƏBƏRLƏR

Bolqarıstana tədarük olunan Azərbaycan qazının həcmi məlum olub

AVQUST 31, 2023

2023-cü ilin iyun ayında Bolqarıstan Azərbaycandan 74,8 milyon kubmetr qaz idxal edib. May ayında bu rəqəm 77,2 milyon kubmetr təşkil etmişdi. Beləliklə, ölkə Azərbaycandan təbii qaz idxalını aylıq hesablamada 3,1 faiz azaldıb. Bütünlükdə bu ilin ilk altı ayı ərzində Azərbaycan Bolqarıstana 456,2 milyon kubmetr qaz ixrac edib.

2023-cü ilin yanvar-iyun ayları ərzində ixrac olunan qazın dəyəri 172,2 milyon avro olub. İyun ayında qaz ixracının həcmi may ayındakı 27,1 milyon avro ilə müqayisədə 26,6 milyon avro olub ki, bu da 1,8 faiz azalma deməkdir.

Qeyd edək ki, Bolqarıstan 1 oktyabr 2022-ci ildə istismara verilmiş Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının idxalına başlayıb. İnterkonnektorla qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi ötürücülük imkanları ildə 3 milyard kubmetr təşkil edir, lakin 5 milyard kubmetrədək genişləndirmə imkanı var.

Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə tədarük edir. Boru kəmərinin gücü ildə 10 milyard kubmetr təşkil edir, lakin 20 milyard kubmetrədək genişləndirmə imkanı var.

Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 24,1 milyard kubmetr təbii qaz hasil olunub.

Bu dövrdə Azərbaycan qazının satış həcmi 12 milyard kubmetr olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,5 faiz çoxdur. Yanvar-iyun ayları ərzində Türkiyəyə 5 milyard kubmetrə yaxın, Avropaya 5,7 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac olunub. Qeyd etmək lazımdır ki, bu dövrdə Trans-Anadolu boru kəməri (TANAP) ilə Türkiyəyə 2,8 milyard kubmetrdən çox qaz ixrac edilib.

https://az.trend.az/business/energy/3790284.html