XƏBƏRLƏR

Yunanıstan Azərbaycandan qaz idxalını artırıb

AVQUST 31, 2023

2023-cü ilin yanvar-iyun aylarında Yunanıstan Azərbaycandan 1,020 milyard kubmetr qaz idxal edib. İyun ayında idxal 174,6 milyon kubmetr olub və may ayındakı 163 milyon kubmetrlə müqayisədə 7,1 faiz artıb.

Yunanıstanın 2023-cü ilin ilk 6 ayında Azərbaycandan təbii qazın alınmasına ümumi xərcləri 523,8 milyon avro təşkil edib. İyun ayında 58 milyon avrodan çox xərclənib, bu isə maydakı 68,8 milyon avro ilə müqayisədə 15,7 faiz daha azdır.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə 24,1 milyard kubmetr təbii qaz hasil edilib.

Bu dövrdə Azərbaycan qazının satışının həcmi 12 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çoxdur. Yanvar-iyun aylarında Türkiyəyə 5 milyard kubmetrə yaxın, Avropaya 5,7 milyard kubmetr, Gürcüstana 1,3 milyard kubmetr qaz ixrac edilib. Qeyd edək ki, bu müddət ərzində Trans-Anadolu boru kəməri (TANAP) vasitəsilə Türkiyəyə 2,8 milyard kubmetrdən çox qaz ixrac edilib.

Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz tədarük edir. TAP-ın gücü ildə 10 milyard kubmetr təşkil edir və 20 milyard kubmetrə qədər gücləndirilməsi mümkündür.

https://az.trend.az/business/energy/3790822.html