Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) layihələrin hazırlanması üzrə texniki yardım təmin etməklə Azərbaycanın "yaşıl" hidrogen istehsalında təşəbbüslərin dəstəkləməyə hazırdır. AYİB, həmçinin özünün hər bir layihəyə adaptasiya olacaq maliyyə məhsullarını təqdim edə bilər.
"AYİB artıq Azərbaycanı ölkədəki aşağı karbonlu hidrogen potensialının ilkin qiymətləndirilməsində dəstəkləyib. Beynəlxalq məsləhətçi tərəfindən hazırlanmış ilkin hesabat 2023-cü ilin avqustunda dərc olunub. Hesabata görə, Azərbaycan yerli səviyyədə dekarbonizasiyanı dəstəkləmək üçün bərpa olunan hidrogen istehsal etməyə artıqlamasıyla qadirdir və Avropa İttifaqı kimi tələbatın yüksək olduğu regionlara rəqabətqabiliyyətli qiymətlə bərpa olunan yanacaq tədarük edə bilər", - AYİB-dən bildiriblər.
Azərbaycanda "yaşıl" hidrogen layihələri üzrə digər beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarına gəlincə, bankdan buna şad olacaqlarını bildiriblər.
"Tərəfdaşlıq AYİB-in fəaliyyətinin əsasında dayanır. Digər təşkilatlarla əməkdaşlıq xüsusən kommersiya baxımından birgə maliyyələşdirmə əlçatan olmadıqda bankın əlavə bacarıqlardan və digər beynəlxalq təsisatların təcrübəsindən yararlanaraq maliyyə vəsaitlərini səfərbər etməyə imkan verir", - AYİB-dən bildiriblər.
Qeyd edək ki, AYİB-in dəstəyilə "Advisian" konsaltinq şirkəti tərəfindən hazırlanmış tədqiqat göstərir ki, formalaşmış emal, ammonyak və metanol bazarları və hidrogenə çevrilə bilən təbii qazın geniş bölgü sistemi ilə Azərbaycan aşağı tərkibli karbonlu hidrogenə tələbatın qarşılanması üçün böyük potensiala malikdir.
Hidrogen bu sahələri karbonsuzlaşdırmağa kömək edə bilər. Böyük həcmdə bərpa olunan resurslara, eləcə də "Şahdəniz" yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxış imkanına malik olmaqla Azərbaycan həm "yaşıl", həm də mavi hidrogenin hazırlanması üçün yaxşı imkanlara malikdir. Bundan başqa təbii qaz tədarükünün mövcud infrastrukturu olan Cənub Qaz Dəhlizi ixrac üçün potensial olaraq hidrogeni təbii qazla qarışdırmağa imkan verəcək.
https://az.trend.az/business/energy/3791271.html