XƏBƏRLƏR

EBRD Azərbaycanın bərpa olunan enerji güclərinin reallaşmasına və inteqrasiyasına dəstək verə bilər

SENTYABR 08, 2023

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda bərpa olunan enerji güclərinin reallaşdırılması və enerji sisteminə inteqrasiyası ilə əlaqədar elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi məqsədilə aparılan tədqiqatlara dəstək verə bilər.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovla EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə aparılıb.

Görüşdə həmçinin Bankla enerji sahəsində çoxistiqamətli əməkdaşlıq yüksək qiymətləndirilib. Bu sahədə Azərbaycan-EBRD əməkdaşlığının genişləndirilməsi imkanları, həmçinin Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb. Bu xüsusda, EBRD-nin dəstək layihələri çərçivəsində bərpa olunan enerji hərraclarının keçirilməsi və “Energetika və kommunal xidmətlər sahəsində tənzimləyici haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı proseslərin gedişatı barədə məlumat verilib. “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi” Qaydasının təsdiq olunması mühüm irəliləyişlərdən biri kimi vurğulanıb.

Görüşdə 240 MVt gücündə “Abşeron-Xızı” Külək Elektrik Stansiyası, “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihələrinin icrası ilə bağlı son vəziyyət də nəzərdən keçirilib.

“Yaşıl Enerji Dəhlizi”nin Avropa Komissiyası tərəfindən dəstəkləndiyi və Avropa maliyyə institutlarının layihədə iştiraka maraq göstərdikləri qeyd edilib.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsində EBRD ilə əməkdaşlıq perspektivləri, eləcə də ötən ilin dekabrında imzalanmış “Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu”ndan irəli gələn digər məsələlər müzakirə edilib.

https://report.az/energetika/ebrd-azerbaycanin-berpa-olunan-enerji-guclerinin-reallasmasina-ve-inteqrasiyasina-destek-vere-biler/