XƏBƏRLƏR

ICGB potensial qaz alıcılarından müraciətlərin qəbulunu yekunlaşdırıb

SENTYABR 08, 2023

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) müstəqil operatoru (ICGB) qaz kəmərinin genişləndirilməsindən sonra yaranacaq gələcək həcmlərinin potensial istifadəçilərinin müraciətlərinin qəbulunu başa çatdırıb.

ICGB-dən "Report"a bildirilib ki, öhdəliyə malik olmayan müraciətlər iyul ayında qəbul edilib.

“Kommersiya fəaliyyətinə başladığı bir ildən az müddətdə Yunanıstan-Bolqarıstan İnterkorrektoru Bolqarıstanın enerji mənbələrinin şaxələndirilməsi, təchizatın təhlükəsizliyinin və enerji müstəqilliyinin artırılması planlarının mühüm hissəsinə çevrilib. Növbəti “qaz ili” üçün ümumi həcmlərin (ICGB) 82 %-dən çoxu artıq rezervasiya edilib, biz genişləndirmə planlarını və regionun enerji xəritəsində Bolqarıstan və Yunanıstanın rolunu daha da gücləndirməyi səbirsizliklə gözləyirik” , - ICGB-nin Bolqarıstan üzrə icraçı direktoru Teodora Georgiyeva qeyd edib.

Onun sözlərinə görə, qaz treyderləri növbəti bir neçə il ərzində IGB-nin Yunanıstanın milli qaz ötürücü operatoru DESFA və Bolqarıstanın milli operatoru “Bulgartransgaz” ilə birləşmə nöqtələrində ildə 4 milyard kubmetrə qədər əlavə qaz əldə etməyə maraqlıdırlar.

Xatırladaq ki, iyulun 3-də ICGB Yunanıstan-Bolqarıstan interkonnektorunun ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesinin birinci mərhələsinə start verib. Bazardakı vəziyyətdən asılı olaraq onun həcmi 5 milyard kubmetrə qədər artırıla bilər.

Qeyd edək ki, IGB kommersiya tədarüklərinə 1 oktyabr 2022-ci ildə başlayıb.

https://report.az/energetika/icgb-potensial-qaz-alicilarindan-muracietlerin-qebulunu-yekunlasdirib/