Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda yerləşən “Azəri Mərkəzi Şərqi" (ACE) platformasında bu ilin oktyabrında ilk hasilat quyusunun qazılmasına başlanılacaq.
Bunu "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bu gün Energetika Nazirliyinin Heydər Əliyevin 100 illiyi münasibəti ilə jurnalistlər üçün Səngəçal terminalına təşkil etdiyi press-tur çərçivəsində bildirib.
Onun sözlərinə görə, bu platformada ilk hasilat quyusunun qazılması ilin sonuna yekunlaşacaq: “Artıq gələn ilin əvvəlinə bu platformadan ilk nefti almaq mümkün olacaq”.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelə qədər hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelə qədər neft hasil olunacağı proqnozlaşdırılır.
ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard ABŞ dolları investisiya qoyulub.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.