“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarım ili üzrə monitorinq və qiymətləndirilməsinə dair “Yaşıl enerji məkanı” məqsədi üzrə ümumi hesabatın “Yaşıl enerji məkanı” İşçi qrupunda hibrid formatında müzakirəsi keçirilib.
İşçi qrupun sədri, energetika nazirinin müavini Elnur Soltanov “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi” Milli Prioriteti üzrə nəzərdə tutulan tədbirlərdən bəhs edib, əsas hədəf indikatorlarından birinin elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının artırılması olduğunu vurğulayıb.
O, “Yaşıl enerji məkanı” məqsədi ilə yanaşı, xüsusi olaraq işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda “yaşıl enerji” zonasının yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini bildirib.
Daha sonra işçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn “Yaşıl enerji” məkanı üzrə tərəqqi hesabatını təqdim edib. O bildirib ki, bu sahədə davamlı inkişaf üçün yaxşı zəmin formalaşdırılıb.
İclasda “Yaşıl enerji məkanı” məqsədi üzrə fəaliyyət istiqamətləri və hədəflərlə bağlı görülən tədbirlər diqqətə çatdırılıb, energetika sektorunda tənzimləyici mühitin təkmilləşdirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, bu sahəyə xarici investorların cəlbi, yeni generasiya güclərinin enerji sisteminə inteqrasiyası və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. İşçi qrupu üzvlərinin hesabatla bağlı rəyləri dinlənilib, təklif və tövsiyələr nəzərə alınmaqla hesabat layihəsinin təkmilləşdirilməsi məqsədəuyğun hesab edilib.
“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunurlar.
Qeyd edək ki, Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.
https://report.az/energetika/yasil-enerji-mekani-uzre-isci-qrupunun-iclasi-kecirilib/