Ermənistan Azərbaycan, Rusiya və İranın elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsinin bir hissəsi deyil və onun layihədə iştirakı heç vaxt müzakirə predmeti olmayıb.
Bu barədə Azərbaycanın Energetika Nazirliyindən Rusiyanın Azərbaycan ərazisindən Ermənistana elektrik enerjisi nəql etmək niyyəti ilə bağlı Trend-in sorğusuna cavab olaraq bildiriblər.
Bir müddət əvvəl Rusiyanın energetika naziri Nikolay Şulqinov Şərq İqtisadi Forumu (EEF 2023) çərçivəsində Rusiyanın Azərbaycan ərazisindən Ermənistana elektrik enerjisi nəql etmək istədiyini bildirib.
"Hazırda Azərbaycan ərazisindən Ermənistana, oradan İrana və ola bilsin ki, digər ölkələrə elektrik enerjisi nəql etmək imkanını sadəcə nəzərdən keçiririk", - deyən nazir söhbətin 300 meqavatt həcmində enerji tədarükündən getdiyini əlavə edib.
Azərbaycanın Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikasının enerji sistemlərinin əlaqələndirilməsi layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın texniki və iqtisadi hissələri İran İslam Respublikasının “Monenco” şirkəti tərəfindən artıq hazırlanıb.
"21.08.2023-cü il tarixdə hər üç ölkənin texniki heyətinin nümayəndələrinin iştirakı ilə əsaslandırmanın texniki hissəsinin müzakirəsi aparılıb. Bu müzakirələr hazırda davam etdirilir. Texniki hissənin müzakirəsi tamamlandıqdan sonra əsaslandırmanın iqtisadi hissəsinin dəyərləndirilməsinə başlanılması planlaşdırılıb. Vurğulamaq lazımdır ki, Ermənistan bu prosesin tərkib hissəsi deyil və heç bir zaman müzakirə mövzusu olmayıb.
Qeyd edək ki, texniki hissə üzrə hazırlanmış hesabatda məsləhətçi tərəfindən üç ölkənin enerji sistemlərinin əlaqələndirilməsi üçün Azərbaycan vasitəsilə Rusiyadan İrana ötürüləcək güc həcminə dair müxtəlif variantlar təklif olunur. 300 MVt gücün ötürülməsi də bu variantlar arasındadır, lakin bu gücün ötürülməsi üçün geniş işlərin görülməsinə zərurət yaranır ki, bununla əlaqədar iqtisadi hissənin işlənilməsi də zəruridir", - deyə nazirlikdən bildiriblər.
Energetika Nazirliyindən bildiriblər ki, variantlardan biri Rusiyadan İrana 100 MVt gücün ötürülməsi ilə bağlıdır.
"Qeyd edək ki, cari ilin 10 avqust tarixində Moskva şəhərində Azərbaycan Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikasının enerji sistemlərinin əlaqələndirilməsi layihəsi üzrə növbəti addımların müzakirə edilməsi məqsədilə hər üç ölkənin energetika nazirlərinin müavinləri səviyyəsində görüş keçirilib. Görüşdə Azərbaycan vasitəsilə Rusiyadan İrana ən azı 100 MVt gücün ötürülməsi üzrə Rusiya Federasiyası və İran İslam Respublikası tərəfindən məsələ qaldırılıb. Bununla əlaqədar, Azərbaycan tərəfi ölkə enerji sisteminin Rusiya ilə vahid sinxron zonasında paralel iş rejimində fəaliyyət göstərdiyini qeyd edərək, enerji təhlükəsizliyinin təmin edilməsi üçün təklifin ciddi şəkildə araşdırılmasının vacibliyini vurğulayıb", - nazirliyin məlumatında deyilir.
https://az.trend.az/business/energy/3796400.html