Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İslam İnkişaf Bankı (İsDB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) infrastruktur layihələri, bərpa olunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanlarını müzakirə edib.
Bu barədə bu gün SOCAR prezidenti Rövşən Nəcəf ITFC-in baş icraçı direktoru Hani Salem Sonbol ilə görüşündə bildirilib.
Görüşdə Azərbaycan ilə İsDB arasında uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, İsDB tərəfindən ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən energetika sektorunda həyata keçirilən layihələrin Azərbaycanın davamlı iqtisadi inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində SOCAR-ın həyata keçirdiyi investisiya layihələri haqqında məlumat verilib, karbohidrogen ehtiyatlarının dayanıqlı hasilatı, bərpaolunan enerji mənbələrinin inkişafı, habelə rəqəmsal və innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi qeyd edilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
https://report.az/energetika/socar-itfc-ile-dekarbonizasiya-ve-reqemsallasma-sahelerinde-emekdasligi-muzakire-edib/