XƏBƏRLƏR

Azərbaycanda energetika sahəsi üzrə dövlət proqramları qəbul ediləcək

SENTYABR 18, 2023

Azərbaycanda energetika sahəsinin dayanıqlı inkişafı üzrə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qısamüddətli (5 ilə qədər müddətə), ortamüddətli (5-10 il müddətinə) və uzunmüddətli (10 ildən çox müddətə) dövlət proqramları qəbul edəcək.

Bu, Milli Məclisə daxil olan "Energetika haqqında" yeni qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, energetika sahəsində dövlət proqramlarının layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.

Eyni zamanda, qanunla energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi üçün dövlətin görəcəyi aşağıdakı tədbirlər müəyyən edilir:

- energetika sahəsində rəqabətin inkişafı, enerji təhlükəsizliyi üzrə tələblər nəzərə alınmaqla energetika sahəsinin dövlətsizləşdirilməsi, təbii inhisar vəziyyətindən rəqabət şəraitinə keçidin təşviq edilməsi;

- enerji mənbəyi olan təbii ehtiyat yataqlarının işlənməsi və enerjinin hasilatı, emalı, istehsalı və saxlanması üzrə fəaliyyətin, enerjidən istifadənin ekoloji tarazlığın pozulmasına yol verilmədən təmin edilməsi;

- energetika sahəsinin inkişaf planlarının, energetika obyektlərinin yerləşdirilməsinin ölkə iqtisadiyyatının mövcud ehtiyacları, perspektiv inkişaf planları, əhalinin sayının proqnozlaşdırılan artımı və yaşayış məntəqələrinin perspektiv inkişaf planları ilə uzlaşdırılması;

- energetika sahəsinin inkişafının dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və bu kimi digər sənədlər (bundan sonra – dövlət proqramları) əsasında həyata keçirilməsi;

- energetika obyektlərində və enerji istehlakında səmərəliliyin artırılması və itkilərin azaldılması;

- bərpa olunan enerji mənbələri hesabına enerji istehsalının təşviqi;

- energetika sahəsinə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi, bu məqsədlə, bu Qanun və energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlarla müəyyən edilmiş formada energetika sahəsində fəaliyyətlərin ayrılması nəticəsində yaranan fəaliyyət növləri üzrə dövlətə məxsus hüquqi şəxslər və dövlət əmlakının müqavilələr əsasında idarəetməyə verilməsi və ya özəlləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, həmçinin bu fəaliyyət sahələrində dövlət-özəl tərəfdaşlıq layihələrinin tətbiqi.

https://report.az/energetika/azerbaycanda-energetika-sahesi-uzre-dovlet-proqramlari-qebul-edilecek/