Azərbaycanda “Energetika haqqında” yeni qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə olunub.
Bu qanun layihəsi bu gün keçirilən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclasında müzakirə olunub. Sənədi diqqətə çatdıran Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev bildirib ki, 6 fəsil, 28 maddədən ibarət qanun layihəsi “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamının icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli Sərəncamının 1-ci hissəsinin icrası məqsədilə hazırlanıb.
Qeyd olunub ki, layihənin məqsədi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarının, habelə enerji təhlükəsizliyinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, davamlı iqtisadi inkişafın dəstəklənməsi, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsi mexanizmlərinin müəyyən edilməsindən ibarətdir. Bildirilib ki, sənəd hazırlanarkən respublikamızda bazar iqtisadiyyatının mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri, beynəlxalq təcrübə, o cümlədən Avropa ölkələrinin qanunvericiliyi araşdırılıb və nəzərə alınıb.
İclasda ölkəmizdə ekoloji vəziyyətə dair fikirlər səslənib, bu sahədə olan problemlər, onların həllinə yönəlmiş tədbirlərdən söhbət açılıb. Çıxışlarda qlobal iqlim dəyişikliklərinin törətdiyi fəsadlardan danışılıb, bəzi statistik rəqəmlər diqqətə çatdırılıb, su resurslarının düzgün idarə olunmasının aktuallığından bəhs edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sektorunun müdiri Əkbər Əsgərov “Hacıqabul gölünün reabilitasiyası” mövzusunda təqdimatla çıxış edib. O, gölün ekoloji problemləri, keçirilən monitorinqlər, aparılan ölçmələrin nəticələri, gölün bərpası istiqamətində nəzərdə tutulan işlər barədə məlumat verib.
Sonra komitə üzvü Fatma Yıldırım sahibsiz itlərlə bağlı məsələyə toxunub. O, bu sahədə mövcud vəziyyət, yaranan problemlərin aradan qaldırılması, sahibsiz heyvanlara nəzarət mexanizmlərinin yaradılması, bununla bağlı qanunvericilik sisteminin təkmilləşdirilməsinə dair fikirlərini açıqlayıb.
Komitənin sədri Sadiq Qurbanov bu məsələnin aktuallığından danışaraq, onun daim komitənin diqqət mərkəzində olduğunu bildirib, mövzu ilə əlaqədar gələcəkdə də aidiyyəti qurumlarla müzakirələrin aparılacağını söyləyib.
https://report.az/energetika/energetika-haqqinda-qanun-layihesi-milli-meclisin-plenar-iclasina-tovsiye-olunub/