XƏBƏRLƏR

AİB-dən Azərbaycanda günəş enerjisi layihəsinin icrasına dair açıqlama

SENTYABR 20, 2023

Azərbaycanda Böyükşor gölündə 100 kilovatlıq üzən günəş fotoelektrik qurğusu (FPV) üzrə pilot layihə çərçivəsində quraşdırma, yekun yerləşdirmə və bərkitmə üzrə işlərin 2023-cü ilin sentyabrında tamamlanması planlaşdırılır.

Bu barədə layihənin icrasında iştirak edən Asiya İnkişaf Bankından (AİB) bildiriblər.

Layihədə AİB-in tərəfdaşı Azərbaycanın Energetika Nazirliyidir. AİB-dən bildiriblər ki, günəş panelləri ilə üzən adanın yığılması podratçı tərəfindən bu yaxında yekunlaşıb.

Layihənin genişləndirilməsi barədə mümkün qərara gəlincə, bankdan bildiriblər ki, bu, pilot "FPV" layihəsinin fəaliyyətindən, eləcə də, bütün maraqlı tərəflərlə gələcək müzakirələrdən asılıdır.

"AİB Azərbaycan hökumətini "yaşıl" enerji sektorunun inkişafı üzrə səylərində dəstəkləməyin tərəfdarıdır. 100 kilovatlıq pilot "FPV" layihəsi AİB tərəfindən Azərbaycana göstərilən daha geniş texniki yardımın bir hissəsidir.

Pilot "FPV" layihəsinə əlavə olaraq, texniki yardım, həmçinin, texniki-iqtisadi əsaslandırmaların və biznes modellərinin hazırlanmasını əhatə edir ki, bunlar da özəl sektorun kommunal miqyaslı "FPV"nin quraşdırılmasında uzunmüddətli iştirakını təşviq edir. AİB bərpa olunan enerji üzrə bu innovativ texnologiyanı inkişaf etdirməklə Azərbaycan hökumətini aşağıkarbonlu inkişaf səylərində dəstəkləyir", - deyə bankdan bildiriblər.

Qeyd edək ki, "FPV" layihəsi daha ciddi standartlar tələb etsə də, suyun təsirini nəzərə alsaq, layihə yerüsrü fotoelektrik sistemlərlə müqayisədə üstünlüyə malikdir, çünki digər məqsədlər üçün yer tələb etmir və torpaq satın alınması və hazırlanması üçün xərclərə qənaət edir, buxarlanmanı azaltmaqla suya qənaət edir, modulun təmizlənməsi üçün asan əldə edilən suya malikdir və asanlıqla quraşdırılır. "FPV" sistemləri, əsasən, göllərdə, irriqasiya göllərində və su anbarlarında quraşdırılır. Bəzi qurğular dəniz mühitində inşa olunaraq sınaqdan keçirilib.

Qeyd edək ki, bugünədək AİB Azərbaycanda dövlət sektoru üçün 3,7 milyard ABŞ dolları dəyərində 67 borc, qrant və texniki yardım ayırıb. Azərbaycana kreditlər üzrə toplam ödənişlər 3,96 milyard dollardır. Bunlar mütəmadi və imtiyazlı adi kapital resurslar hesabına maliyyələşdirilib. AİB-in Azərbaycanda cari suveren portfelinə 565,2 milyard dollar dəyərində 1 kredit və 1 suveren təminat daxildir.

https://az.trend.az/business/energy/3799030.html