XƏBƏRLƏR

BP və Azərbaycan İnvestisiya Şirkəti arasında Qoşulma Sazişi imzalanıb

SENTYABR 21, 2023

BP şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında Qoşulma Sazişi imzalanıb.

Bu saziş BP-nin İdarə Heyətinin sədri Helge Lund, hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezident Qordon Birrel və BP-nin sabiq icraçı direktoru Lord Con Filip Braunla birgə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gülüstan sarayında təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Bakıya səfəri zamanı imzalanıb. Tədbir Heydər Əliyev tərəfindən 2001-ci ildə Azərbaycanda təsis olunmuş “Neftçilər Günü” münasibətilə keçirilib.

Məlumata görə, bu sənəd SOCAR-ın və Azərbaycan İnvestisiya Şirkətinin “Şəfəq” (“Sunrise”) layihəsinə daxil olmaq niyyətini əks etdirir.

Xəbər verildiyi kimi, səfər zamanı nümayəndə heyəti Prezident İlham Əliyevlə də görüşüb. Görüş zamanı BP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun 100 illik yubileyinin əhəmiyyətini, həmçinin Ulu Öndərin Azərbaycanın və bütün regionun inkişafındakı müstəsna xidmətlərini vurğulayıblar.

Səfər proqramına uyğun olaraq BP nümayəndə heyəti SOCAR rəhbərliyi ilə də görüş keçirib. BP-nin nümayəndə heyəti şirkətin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha təsdiqləyiblər.

https://report.az/energetika/bp-ve-azerbaycan-investisiya-sirketi-arasinda-qosulma-sazisi-imzalanib/