Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupu elektrik təchizatı sahəsində Dünya Bankının “B-Ready” hesabatının metodologiyasına uyğun olaraq qanunvericilik sahəsində mümkün islahatları müzakirə edib.
İşçi qrupunun növbəti iclası videokonfrans formatında keçirilib. Bu islahatlar haqqında Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev danışıb, energetika nazirinin müavini, işçi qrupun rəhbəri Samir Vəliyev iclası açıq elan edərək gündəlikdə duran məsələləri təqdim edib.
İclasda müvafiq hesabatın “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində cari ilin üçüncü rübü ərzində yekunlaşdırılmalı olan tədbirlərin icra vəziyyətinə dair məruzə dinlənilib.
Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoruna dair sorğunun cavablandırılması və işçi qrupunun əvvəlki iclasında verilmiş tapşırıqların icra vəziyyəti ilə bağlı görülmüş işlər barədə məlumat verilib. Enerji təchizatı şəbəkəsinə qoşulma üzrə elektron müraciətlərin statistikası nəzərdən keçirilib, elektron müraciətlərin təşviqi strategiyaları, həmçinin bu sahədə məlumatların ictimailəşdirilməsi üzrə müzakirələr aparılıb.
Görüş iclasın gündəliyində duran digər mövzular ətrafında səmərəli müzakirələrlə yekunlaşıb. İclasda Energetika və İqtisadiyyat nazirlikləri, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC, həmçinin işçi qrupuna üzv olan digər dövlət təşkilatlarının nümayəndələri iştirak edib.
https://report.az/energetika/azerbaycan-dunya-bankinin-yeni-hesabatina-uygun-elektrik-techizati-sahesinde-islahatlari-muzakire-edib/