Avropa İttifaqı (Aİ) Azərbaycandan qaz idxalının artırılmasına tərəfdar olduğunu növbəti dəfə təsdiqlədi və bununla Azərbaycana qarşı potensial sanksiya şayiələrini puça çıxardı. Azərbaycan 19-20 sentyabr tarixlərində Qarabağda antiterror tədbirləri keçirdikdən sonra bu spekulyasiyalar ortaya çıxıb.
Avropa Komissiyasının nümayəndəsi Tim Makfi ermənipərəst jurnalistə cavab olaraq bildirib ki, Azərbaycanla Aİ arasında 2022-ci ilin iyulunda imzalanmış Anlaşma Memorandumu qüvvədədir.
"2022-ci ildə Avropa İttifaqının qaz tədarükünün 3 faizini Azərbaycandan qaz tədarükləri təşkil edib. 2021-ci ildə isə bu göstərici 2 faiz idi. Bu il də analoji səviyyəyə çatmaq istəyirik. 2021-ci ildə 8,1 milyard kubmetr Azərbaycan qazı idxal etmişdiksə, 2022-ci ildə Azərbaycan artıq 11,3 milyard kubmetr qaz tədarük etmişik.
Beləliklə, artım müşahidə olunur. Azərbaycanla imzaladığımız Anlaşma Memorandumu 2027-ci ilədək Azərbaycan qazının tədarükünün 20 milyard kubmetrədək artırılmasını, eləcə də, bərpa olunan enerji mənbələri sahəsində geniş əməkdaşlığı nəzərdə tutur", - o deyib.
Daha sonra Makfi, həmçinin, brifinqdə iştirak edən ermənipərəst KİV nümayəndələri üçün izah edib ki, Aİ-nin Azərbaycandan idxal etdiyi tədarüklərdə rus qazı yoxdur.
"Bu, həcm məsələsidir. Rusiyadan Azərbaycana ixrac olunan qazın həcmi bizim Azərbaycandan idxal etdiyimizdən əhəmiyyətli dərəcədə azdır, buna görə bu tədarüklərdə rus qazı yoxdur", - deyə o aydınlıq gətirib.
https://az.trend.az/azerbaijan/politics/3801576.html