XƏBƏRLƏR

Aİ Azərbaycandan qaz tədarüklərini daha da artırmağa can atır

SENTYABR 25, 2023

Avropa Azərbaycandan qaz tədarüklərini daha da artırmağa can atır. Bu barədə Avropa Komissiyasının nümayəndəsi Tim Makfi brifinqdə deyib.

"2022-ci ildə Avropa İttifaqının qaz tədarükünün 3 faizini Azərbaycandan qaz tədarükləri təşkil edib. 2021-ci ildə isə bu göstərici 2 faiz idi. Bu il də analoji səviyyəyə çatmaq istəyirik. 2021-ci ildə 8,1 milyard kubmetr Azərbaycan qazı idxal etmişdiksə, 2022-ci ildə Azərbaycan artıq 11,3 milyard kubmetr qaz tədarük etmişik. Beləliklə, artım müşahidə olunur. Azərbaycanla imzaladığımız Anlaşma Memorandumu 2027-ci ilədək Azərbaycan qazının tədarükünün 20 milyard kubmetrədək artırılmasını, elcə də bərpa olunan enerji mənbələri sahəsində geniş əməkdaşlığı nəzərdə tutur", - o deyib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Qaz kəmərinin ötürücülük gücü 20 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 10 milyard kubmetrdir.

2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək ikiqat artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.

https://az.trend.az/business/energy/3801549.html