XƏBƏRLƏR

Azərbaycan beynəlxalq suveren fondları ilə keçid dövründə investisiya imkanlarını müzakirə edib

SENTYABR 27, 2023

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nümayəndə heyəti İspaniyada keçirilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) on beşinci illik iclasında təmsil olunur.

Sentyabrın 24-27-də Madrid şəhərində keçirilən iclasda ARDNF-in İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

İspaniyanın “COFIDES” qurumunun ev sahibliyi ilə “Keçid dövründə investisiya” başlığı altında keçirilən tədbirdə artan neqativ tendensiyalar fonunda investorların yanaşmaları, enerji keçidi mövzusunda yeni imkanların yaradılması, inflyasiyanın maliyyə bazarları və qlobal iqtisadiyyata təsiri, Suveren İnkişaf Fondları və digər maliyyə təşkilatları arasında birgə investisiya tərəfdaşlığı, rəqəmsal transformasiya mühitində kibertəhlükəsizlik və süni intellektin əhəmiyyəti kimi fərqli mövzuları əhatə edən təqdimatlar və panel sessiyalarının təşkil olunması nəzərdə tutulur.

Xatırladaq ki, SFBF-nin on dördüncü illik iclası ötən il ARDNF-in təşkilatçılığı ilə Bakıda baş tutub.

Qeyd edək ki, SFBF-in Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakıda keçirilib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

https://report.az/energetika/azerbaycan-beynelxalq-suveren-fondlari-ile-kecid-dovrunde-investisiya-imkanlarini-muzakire-edib/