Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son 15 ildə tərəfdaşları ilə birgə Türkiyə iqtisadiyyatına 18 milyard ABŞ dolları həcmində investisiya qoyub.
Bunu SOCAR-ın Türkiyədəki törəməsi olan “SOCAR Turkey” şirkətinin baş icraçı direktoru vəzifəsini icra edən Elçin İbadov Türkiyə mətbuatına müsahibəsində deyib.
Onun sözlərinə görə, bununla da SOCAR Türkiyənin ən böyük birbaşa xarici investoru və eyni zamanda Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupudur:
“Dünyanın ən köklü enerji şirkətlərindən biri olan SOCAR 2008-ci ildə Özəlləşdirmə İdarəsindən “Petkim”in səhmlərinin 51 %-ni alması ilə Türkiyədə fəaliyyətə başladıq. Bu müddətdə sərmayələrimiz və istehsalımız heç bir ləngimə olmadan davam edib”.
E.İbadov qeyd edib ki, “SOCAR Turkey” Türkiyəyə iqtisadi fayda ilə yanaşı məşğulluğa və cəmiyyətə töhfə vermək baxımından da mühüm işlər görüb: "Hazırda təxminən 5,4 min işçimiz var. Ümumilikdə ekosistemimizlə 100 mindən çox insanı əhatə edirik. Təmin etdiyimiz məşğulluq və verdiyimiz faydalarla Türkiyənin ayrılmaz bir hissəsi kimi çalışırıq”.
Şirkətin baş icraçı direktoru bildirib ki, qrupa daxil olan, 150 milyon ABŞ dolları sərmayə ilə yaradılan “SOCAR Storage” Ege bölgəsinin ən böyük saxlanc anbarıdır.
"Hazırda “Petkim”in daxilində 51 meqavat gücündə külək elektrik stansiyası “Petkim RES” də fəaliyyət göstərir. Bundan başqa, əsas iş sahəmiz olan emal, neft-kimya və təbii qazdan başqa, 420 milyon ABŞ dolları sərmayə ilə inşa edilən Ege bölgəsinin ən böyük terminalı olan "SOCAR Terminal", daşınmaz əmlak sektorunda fəaliyyət göstərən “SOCAR Gayrimenkul”, Trans-Anadolu Boru Kəmərinin (TANAP) keçdiyi ərazilərdə xətlər çəkdiyimiz "SOCAR Fiber" və telekommunikasiya şirkətimiz "Millenicom" var.
Son vaxtlar aktivlərimizin səmərəliliyinin artırılmasına, davamlı gəlirliliyin təmin edilməsinə və rəqəmsal transformasiyaya xüsusi diqqət yetiririk", - E.İbadov əlavə edib.
Xatırladaq ki, “SOCAR Turkey” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Turkey" qonşu ölkənin "Petkim Petrokimya Holding” - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir.
https://report.az/energetika/elcin-ibadov-socar-son-15-ilde-turkiye-iqtisadiyyatina-18-milyard-dollar-investisiya-yatirib/