XƏBƏRLƏR

Azərbaycan və Türkiyə enerji əməkdaşlığının inkişafını müzakirə edib

OKTYABR 07, 2023

Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib.

Nazir Mikayıl Cabbarov və Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İstanbulda Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.

Görüşdə M.Cabbarov ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığının, birgə reallaşdırılan layihələrin regional inkişafa, sabitliyə, təhlükəsizliyə, Azərbaycan və Türkiyənin strateji maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. O, qeyd edib ki, hazırda enerji təhlükəsizliyi dünyada əsas çağırışlardan birinə çevrilib, ölkələrimiz arasında bu sahədə, xüsusilə bərpa olunan enerji üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması qarşılıqlı faydalı əməkdaşlıqda mühüm vektorlardandır.

A.Bayraktar isə ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, enerji tərəfdaşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə ölkələrimizin uğurlu iqtisadi tərəfdaşlığı, enerji və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

https://report.az/energetika/azerbaycan-ve-turkiye-enerji-emekdasliginin-inkisafini-muzakire-edib/