OPEC ölkələrində maye karbohidrogenlərin (neft və kondensat) hasilatı 2022-ci ildəki 34,2 milyon bareldən 2045-ci ildə sutkada 46,1 milyon barelə yüksələcək, təşkilata üzv dövlətlərin qlobal hasilatda payı isə 40 %-ə çatacaq, bu barədə OPEC-in “World Oil Outlook” adlı illik hesabatında deyilir.
“OPEC-ə üzv ölkələr maye karbohidrogenlərinin istehsalını bundan sonra da artıracaq. Nəticədə bu göstərici 2045-ci ildə gündəlik 46,1 milyon barelə çatacaq. Bu o deməkdir ki, təşkilata üzv ölkələrin qlobal hasilatla bağlı bazar payı 2045-ci ildə 40 %-ə yüksələcək. Ötən il bu göstərici 34 % idi”, - hesabatda qeyd edilib.
Eyni zamanda, 2045-ci ildə qlobal hasilat 2022-ci illə müqayisədə 16 milyon barel artaraq gündəlik 116 milyon barel təşkil edəcək.
Bundan başqa, OPEC-ə üzv ölkələrdə maye karbohidrogenlərinin hasilatının 2028-ci ildə gündəlik 37,7 milyon barelə yüksələcəyi proqnozlaşdırılır.
https://report.az/energetika/opec-e-uzv-olkelerde-hasilatin-sutkada-46-milyon-barele-qeder-artacagi-gozlenilir/