XƏBƏRLƏR

Azərbaycanın enerji siyasəti ABŞ-da müzakirə olunub

OKTYABR 14, 2023

Azərbaycanın enerji siyasəti ABŞ-ın Pensilvaniya ştatında “Enerji təhlükəsizliyi konfransı” adlı tədbirdə müzakirə olunub.

Tədbirdə Azərbaycanın qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfədən bəhs edilib.

Azərbaycanın Vaşinqtondakı səfirliyinin və ABŞ-ın enerji sektorundakı nüfuzlu qurumlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Birləşmiş Ştatlardakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Pensilvaniya ştatının konqresmenləri, nüfuzlu beyin mərkəzlərindən olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin, Konqres Araşdırma Xidmətinin, Vaşinqton İnstitutunun və İrs Fondunun nümayəndələri iştirak ediblər.

İkinci dəfə təşkil edilən ənənəvi konfrans enerji sahəsində müxtəlif diskussiyalar barəsində altı müxtəlif paneldən ibarət olub.

“Böyük Güclər Rəqabətinin Enerji Təhlükəsizliyinə Riskləri” adlı paneldə çıxış edən X.İbrahim Azərbaycanın energetika sahəsində apardığı siyasət və təşəbbüskarı olduğu regional layihələr barədə məlumat verib.

Səfir ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin son illər inkişaf etdiyini vurğulayıb. O, ərazilərimizin işğaldan azad edilməsindən sonra energetika sahəsində potensialın daha da artdığını və bölgənin sıfır emissiyalı əraziyə çevrilməsi istiqamətində addıımlar atıldığını diqqətə çatdırıb.

Paneldə çıxış edənlər ABŞ-la Azərbaycan arasında yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan müxtəlif layihələr ətrafında fikir mübadiləsi aparıblar.

https://report.az/energetika/azerbaycanin-enerji-siyaseti-abs-da-kecirilen-konfransda-muzakire-olunub/