Qarabağda istehlak ediləcək bütün elektrik enerjisi yaşıl mənbəli olacaq, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda Xəzər İnşaat Həftəsinin açılış mərasimində bildirib.
O, qeyd edib ki, bu istiqamətdə bp və digər şirkətlərlə birgə fəaliyyət davam etdirilir: "Bütün işlər ölkə Prezidentinin imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində həyata keçirilir və bu barədə 5 illik Tədbirlər Planı artıq hazırdır. Bizim Azərbaycanı "yaşıl enerji" məkanına çevirmək öhdəliyimiz var. Bu "yaşıl enerji" məkanında Qarabağ ayrıca "yaşıl enerji" zonası olmalıdır. Bu, sənədlərdə olan məsələdir və ona Böyük Qayıdış Proqramı çərçivəsində baxılır. Bu, Prezidentin frazasıdır. Azərbaycan üçün Qarabağ bir tacdırsa, Şuşa bu tacdakı ən parlaq qaşdır. Biz də məsələyə bu şəkildə baxırıq. Qarabağ üzrə "yaşıl enerji" zonasının tədbirlər planı Yaponiyanın Tepsko şirkətini cəlb etməklə hazırlanıb".
E.Soltanov Şuşa ilə bağlı bir neçə məqama toxunub: "Birincisi, Qarabağda ən kritik 110 kilovoltluq yarımstansiyalardan biri Şuşada tikildi və bu, ilk istismara verilən yarımstansiyalardan oldu. Xankəndi də məhz həmin stansiyadan qidalandı. İkincisi, Şuşada yaşıl enerji zonası mövzusunu hazırlayanda təbii qazdan minimum istifadə konsepti üzərində çalışırdıq. Yekunda tamamilə qazsız versiya da mövcud idi, amma bu, çox bahalı olduğuna görə məhdud ölçüdə qazdan istifadə nəzərdə tutuldu. Amma Şuşanın ayrılıqda qazsız olmasına son anda qərar verildi. Biz çalışdıq ki, şəhər ümumiyyətlə təbii qazsız olsun. Şuşa barəsində ən son qərar verdiymiz şəhər oldu. Üçüncüsü, biz bütün Qarabağda çalışırıq ki, isitmə sistemi mərkəzi olsun. İlk mərkəzi isitmə sistemlərini isə Şuşada qurduq".
Onun sözlərinə görə, hazırda paylama şəbəkələri elektirk enerjisində ən çox itki olan sahədir: "Azərbaycanda ilk dəfə Şuşada 35 kilovoltluq gərginlikdən birbaşa 4-ə enən sistem quruldu. Bu, dünyada ən effektiv paylama sistemlərindən sayılır. Hazırda proses davam edir. Şuşa şəhərinin istilik mühafizə qaydaları da artıq hazırlanıb. Binaların izolyasiya məsələsinin enerji itkilərində 50 % payı olur. Binaların bu tələblərə cavab verməsi bütün dəyər zəncirində bəlkə də ən əhəmiyyətli məqamdır. Bu sahədə də addımlar atılır. Led işıqlardan istifadə məsələsi gündəmdir və həyata keçirilir. Binalaırn üzərində günəş panellərin qurulması aparılır. Şuşa ilə bağlı hazırlanan tədbirlər planında bir çox işləri həyata keçirmək istəyirdik. Amma ərazinin kiçikliyi bəzi planlarımızı başqa şəhərlərə keçirməyimizlə nəticələndi. Məsələn, bizim nümayiş pavilyonu qurmaq planımız var və bu istiqamətdə işlər gedir. Birinci namizəd Şuşa idi. Amma "yaşıl enerji" zonası üzrə görülən işlər çərçivəsində bu kimi bəzi planlarımızı sırf ərazi baxımından digər şəhərlərə keçirdik".
https://report.az/energetika/elnur-soltanov-qarabagda-butun-elektrik-enerjisi-yasil-menbeli-olacaq/