Azərbaycanın gücünü ifadə edən bu nəhəng inkişaf prosesində bütün bölgənin enerji ilə təminatı məqsədilə qısa müddətdə 1 157 km-dən artıq müxtəlif gərginlikli elektrik verilişi xətti çəkilib, bunu energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibətilə rəsmi qəzetdə dərc edilmiş məqaləsində bildirib.
Onun sözlərinə görə, 20 yarımstansiya, ümumi gücü 75 MVt olan 13 stansiya bərpa edilərək istifadəyə verilib: “119 MVt gücündə 13 stansiyada isə hazırda tikinti işləri aparılır. Həmçinin Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları inşa olunub, 140 MVt gücündə su elektrik stansiyalarının tikilib istismara verilməsi üçün işlər davam etdirilir. Xankəndinin öz enerji sistemimizə qoşulması, ərazilərimizin Şuşa yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təmin olunması elektroenergetika tariximizin qürurverici hadisələridir”.
P. Şahbazov bildirib ki, "yaşıl enerji zonası"nın yaradılması ilə bağlı 2022-2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir: “Bu çərçivədə azad olunmuş ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2 300-ə yaxın LED lampalarla təchiz olunmuş və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, "ağıllı dayanacaqlar", elektrik doldurma məntəqələri quraşdırılıb. Bunlar davamlı proseslərdir və bütün səylərimiz bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş ərazilərimizi enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub. Dövlət başçısının vurğuladığı kimi, Qarabağ və Zəngəzuru dünyanın qibtə edəcəyi şəkildə qurmalıyıq”.
https://report.az/energetika/perviz-sahbazov-butun-bolgenin-enerji-ile-teminati-ucun-1-157-km-den-artiq-elektrik-xetti-cekilib/