Azərbaycanda “yaşıl enerji” hədəflərinə nail olmaq üçün investisiyaların cəlbi vacibdir, bunu Milli Məclisin deputatı Vüqar Bayramov ötən gün 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) istismara verilməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycan “yaşıl enerji”nin inkişafını dəstəkləyən ölkələrdəndir: “Daxili istehlakda “yaşıl enerji”nin payının artırılması ilə bağlı siyasət davam etdirilir, bununla bağlı bəlli hədəflər var. Həmin hədəflərə nail olunması üçün “yaşıl enerji” sektorunun inkişafı və bərpa olunan enerji mənbələrindən daha çox enerjinin əldə edilməsi vacibdir. Bu istiqamətdə həm xarici, həm də yerli investisiyaların cəlbi də həmin hədəflərin reallaşdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan bərpa olunan mənbələrdən enerji istehsalına yeni texnologiyalar cəlb edən ölkələrdəndir. Bu “yaşıl enerji” istehsalının dayanıqlılığı, eyni zamanda xərclərinin optimallaşdırılması baxımdan mühüm rol oynayır”.
Azərbaycanın “yaşıl enerji” ixrac edən ölkəyə çevrilməsi məsələsinə toxunan deputat qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında bu istiqamətdə anlaşma da var: “Həmin anlaşmaya əsasən, Azərbaycan Gürcüstan və Qara dəniz vasitəsilə “yaşıl enerji”sini Avropaya çıxaracaq. İlkin olaraq, Rumıniya və digər Avropa ölkələri Azərbaycanın “yaşıl enerji” ixracından faydalana biləcək. Daxili bazarla yanaşı xarici ölkələr, o cümlədən Avropa İttifaqının bazarı prioritet olaraq qalır. Azərbaycan enerji sektorunda müasir çağırışlara uyğun infrastrukturun genişləndirilməsini və sərmayə qoyuluşlarının artırılmasını həyata keçirir”.
https://report.az/energetika/deputat-azerbaycanda-yasil-enerji-hedeflerine-nail-olmaq-ucun-investisiyalarin-celbi-vacibdir/