XƏBƏRLƏR

"Yaşıl enerji" layihələri Azərbaycanı regional liderə çevirəcək

OKTYABR 28, 2023

Azərbaycan “yaşıl enerji” sahəsində həyata keçirdiyi və planlaşdırdığı layihələr sayəsində orta və uzaq perspektivdə bərpa olunan enerji üzrə regional liderə və qlobal bazarın aparıcı oyunçularından birinə çevriləcək. Bunu iqtisadçı-ekspert Amal Həsənli ötən gün 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) istismara verilməsinə münasibət bildirərkən deyib.

“Azərbaycan bu gün aktiv şəkildə müxtəlif istiqamətlərdə neft və qaz tədarükü həyata keçirir. Proqnozlara əsasən, hələ uzun illər dünya bazarında həmin enerji mənbələrinə yüksək tələbat olacaq. Bu isə Azərbaycanın neft-qaz gəlirlərinin dayanıqlılığın təmin edəcək. Bununla yanaşı biz bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində aktiv fəaliyyət həyata keçiririk və ilkin hədəflər müəyyən olunub. Belə ki, Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etməyi, 2037-ci ilə qədər isə azı 6 qiqavatlıq əlavə güclər yaratmağı planlaşdırır”,- deyə o qeyd edib.

A.Həsənli Azərbaycanın bərpa olunan enerji sahəsində kifayət qədər böyük potensialının olduğunu da diqqətə çatdırıb: “Bizim quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi potensialı 157 qiqavatdır. "Yaşıl enerji" zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9 200 meqavat, hidroenerjinin mininal potensialı isə 600 meqavat təşkil edir. Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox təmiz "yaşıl enerji" verəcək".

"Ötən gün rəsmi açılışı olmuş Qaradağ GES ölkəmizdə xarici investisiya cəlb edilməklə tikilmiş sənaye əhəmiyyətli ilk belə stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr təbii qaza qənaət etmək mümkün olacaq. Bu isə öz növbəsində, atmosferə atılan karbon emissiyasının 200 min ton azaldacaq. Yəni “yaşıl enerji”yə keçid həmdə səfər karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərin reallaşdırılmasını təmin edəcək. Belə ki, Azərbaycan 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi istixana qazı emissiyalarının 40 %-dək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Bütün deyilənləri ümumiləşdirsək əminliklə demək olar Azərbaycanın hazırkı “yaşıl enerji” gündəmi ölkənin iqtisadi inkişafını stimullaşdıracaq aparıcı alətlərdən birinə çevriləcək", - deyə ekspert fikrini tamamlayıb.

https://report.az/energetika/ekspert-yasil-enerji-layiheleri-azerbaycani-regional-lidere-cevirecek/