XƏBƏRLƏR

STAR NEZ maye karbohidrogen qazı istehsalını azaldıb

OKTYABR 31, 2023

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 2023-cü ilin avqust ayında 16 min 394 ton maye karbohidrogen qazı (LPG) istehsal edib. 2022-ci ilin həmin ayında isə bu göstərici 22 min 309 ton olub.

Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına əsasən, NEZ-də bu məhsulun istehsalı illik hesablamada 26,5 faiz azalıb.

Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard dollar olan STAR NEZ 2018-ci ilin oktyabrında işə salınıb. Layihə xərclərinin təqribən 3,3 milyard dolları borc vəsaitlərinin hesabına qarşılanıb.

STAR NEZ-in illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 min barel xam neft emal etmək gücündədir.

SOCAR Türkiye 2024-cü ildə STAR NEZ-in fəaliyyətini texniki qulluq məqsədilə dayandırmağı planlaşdırır. NEZ-in fəaliyyəti istismara verildikdən sonra ilk dəfə dayandırılacaq. İlk növbədə planlı təmir işləri aparılacaq. Bu gün görülən tədbirlər nəticəsində NEZ-in fəaliyyətinin təmir məqsədilə dayandırılmasının dövriliyini dörd ildən beş ilədək artırmaq planlaşdırılır ki, bu da 40 milyon ABŞ dollarınadək qənaət etməyə imkan verəcək.

https://az.trend.az/business/energy/3818614.html