Bu ilin ilk üç rübü ərzində BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 1,6 milyon ABŞ dollarından artıq vəsait xərcləyiblər.
Bu barədə “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin üçüncü rübünün nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 40,7 % azdır.
Üçüncü rüb ərzində bu layihələrə hazırda davam edən 11 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 4 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil olub.
Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin ilk üç rübü ərzində təxminən 0,8 milyon ABŞ dolları vəsait xərcləyib ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 38,5 % azdır.
Üçüncü rüb ərzində bu layihələrə hazırda davam edən yeddi təhsil təşəbbüsü və müxtəlif mövzularda iki konfrans və seminara dəstək fəaliyyəti daxil olub.
https://report.az/energetika/bp-ve-terefdaslari-azerbaycanda-sosial-layihelere-1-6-milyon-dollardan-artiq-vesait-xercleyibler/