XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası Nümayiş Pavilyonu yaradıla bilər

NOYABR 06, 2023

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Yaşıl Enerji Zonası Nümayiş Pavilyonu yaradıla bilər.

Bunu energetika naziri Pərviz Şahbazov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı hibrid formatda keçirilən əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun 4-cü iclasında bildirib.

P. Şahbazovun sədrliyi ilə keçirilən iclasda nazir işğaldan azad edilmiş ərazilərin yaşıl “enerji zonası” kimi inkişaf etdirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan bərpa və yenidənqurma işlərinin strateji istiqamətlərindən biri olduğunu vurğulayıb və müzakirə olunacaq məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda İşçi Qrup qarşısında qoyulmuş vəzifələrə uyğun olaraq görülən işlərin gedişi müzakirə olunub. Ötən iclasda qəbul edilmiş qərarlara dair icra edilmiş tapşırıqlar barədə Katibliyin hesabatı dinlənilib, tamamlanan və icrası davam edən işlər barədə məlumat verilib.

Regionda bərpa olunan enerji mənbələrinin potensialını və enerji səmərəliliyi həllərini təbliğ edəcək Yaşıl Enerji Zonası Nümayiş Pavilyonunun yaradılması və yaşıl texnologiyaların tətbiqi üzrə pilot layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Ekoloji cəhətdən təmiz texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqin İcra Qrafikinə uyğun olaraq davam etdirilməsi və mütəmadi olaraq İşçi Qrupun iclaslarında məruzə edilməsi qərara alınıb.

İşçi Qrupuna daxil olan dövlət qurumlarının, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, digər dövlət müəssisəsi və Yaponiyanın “TEPSCO” şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş iclas qərar layihəsinin qəbulu ilə yekunlaşıb.

https://report.az/energetika/isgaldan-azad-edilmis-erazilerde-yasil-enerji-zonasi-numayis-pavilyonu-yaradila-biler/