Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun (IGB) gücü iki il ərzində ildə 5 milyard kubmetrədək artırıla bilər.
Trend xəbər verir ki, bu barədə Yunanıstanın qaz nəqli sisteminin operatoru DESFA-nın baş direktoru Mariya Rita Qalli deyib.
7-ci Şərqi Avropa Enerji Forumunda (SEEF2023) çıxış edən baş direktor qeyd edib ki, Yunanıstanın şimalında Komotini şəhərindəki qaz kompressor stansiyası IGB-də qaz nəqlini iki ildən az müddətdə 3 milyard kubmetrdən 5 milyard kubmetrədək çatdırmağa imkan verəcək.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.
İnterkonnektorun buraxılış gücünün artırılaraq 5 milyard kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına mümkündür.
Planlaşdırma mərhələsində boru kəmərinin texniki gücü təqribən ildə 5 milyard kubmetr olaraq hesablanıb və bu hədəfə nail olmaq yaxın gələcək üçün nəzərdə tutulur. Bazar tələbatı zamanla bu hədləri keçən imkanların zəruri olduğundan xəbər verərsə, ikinci boru kəmərinin inşası imkanı nəzərdən keçirilə bilər. Lakin bu məsələ bazarın inkişafından asılı olaraq yaxın illərdə daha aktual olacaq.
https://az.trend.az/business/energy/3822591.html