XƏBƏRLƏR

Enerji sahəsinə dair məlumatlar fiziki məhdudiyyətli şəxslərə əlçatan və başadüşülən olacaq

NOYABR 14, 2023

Azərbaycanda enerji sahəsinə dair məlumatları eşitmə və görmə qabiliyyəti məhdud olan şəxslərə əlçatan və başadüşülən etmək üçün məsləhətləşmələr aparılıb.

Energetika Nazirliyində cəmiyyətin bütün təbəqələrini enerji sahəsində iştiraka təşviq etmək, həmçinin ölkənin enerji siyasəti və layihələr haqqında məlumatlandırmaq məqsədilə Azərbaycan Karlar Cəmiyyəti və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ictimai birliklərinin nümayəndələri ilə ayrı-ayrılıqda bir sıra məsləhətləşmə görüşləri keçirilib.

Görüşlərdə ictimai birlik üzvlərinin enerji sahəsində çətinlikləri və ehtiyacları dinlənilib, onlara nazirliyin və tabeli qurumlarının funksiyaları və fəaliyyəti barədə məlumat verilib.

Görüşlər zamanı nazirliklə birliklər arasında kommunikasiya və əməkdaşlığın təkmilləşdirilməsi yolları da müzakirə edilib. Nazirliyin və tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı surdotərcümə ilə hazırlanmış bəzi videomateriallar təqdim olunub, birliklərin üzvlərinin rəy və təklifləri dinlənilib. Onların tövsiyələrini nəzərə alaraq yeni videoçarxların hazırlaması razılaşdırılıb.

İctimai birliklərin üzvlərinə töhfələrinə görə təşəkkür edilib, gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyinə ümid edildiyi vurğulanıb.

https://report.az/energetika/enerji-sahesine-dair-melumatlar-fiziki-mehdudiyyetli-sexslere-elcatan-ve-basadusulen-olacaq/