XƏBƏRLƏR

Bolqarıstan Azərbaycandan qaz idxalını artırıb

NOYABR 21, 2023

2023-cü ilin sentyabr ayında Bolqarıstan Azərbaycandan 79,8 milyon kubmetr qaz idxal edib. Avqust ayında isə bu göstərici 77,3 milyon kubmetr qaz olub. Bu barədə Avropa İttifaqının (Aİ) statistika idarəsi olan "Eurostat"dan bildiriblər.

Beləliklə, Azərbaycandan Bolqarıstana təbii qaz ixracı aylıq hesablamada 3,2 faiz artıb.

Bu idxalın ümumi dəyəri 23,3 milyon avrodan 23,4 milyon avroya çatıb ki, bu da 0,4 faiz artım deməkdir.

Bütünlükdə bu ilin doqquz ayı ərzində Azərbaycan Bolqarıstana qaz ixracının ümumi dəyəri 242,8 milyon avro olmaqla 690,6 milyon kubmetrə çatıb.

Qeyd edək ki, Bolqarıstan 1 oktyabr 2022-ci ildə istismara verilmiş Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının idxalına başlayıb. İnterkonnektorla qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi ötürücülük imkanları ildə 5 milyard kubmetrədək genişləndirmə imkanı ilə 3 milyard kubmetr təşkil edir.

Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə tədarük edir. Boru kəmərinin gücü ildə 20 milyard kubmetrədək genişləndirmə imkanı ilə 10 milyard kubmetr təşkil edir.

https://az.trend.az/business/energy/3825639.html