XƏBƏRLƏR

SOCAR Özbəkistanda kimya və neft-qaz avadanlıqları istehsal edəcək

NOYABR 28, 2023

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Qaşqadərya vilayətində kimyəvi reagentlərin və neft-qaz avadanlıqlarının istehsalına başlamaq niyyətindədir.

İdxalın əvəzlənməsi məqsədilə Özbəkistanda kimyəvi maddələrin və qazma məhlullarının istehsalının yaradılması nəzərdə tutulur. Həmçinin, quyuların əsaslı təmiri üçün avadanlığın hazırlanması və yataqların işlənməsi, həmçinin quyuların qazılması zamanı istifadə olunan qazma və sementləmə məhlulları üçün komponentlərin saxlanması və paylanması xidmətlərinin göstərilməsi də nəzərdən keçirilir.

Bildirilir ki, “Özbəkneftqaz” şirkətinin və SOCAR-ın “Neftqaz” Elmi-Tədqiqat Layihə İnstitutunun ekspert qrupları layihə üzrə ilkin biznes planın hazırlanmasını müzakirə ediblər.

Bundan başqa, “Özbəkneftqaz”ın işçi qrupu qazma və sementləmə məhlulları üzrə beynəlxalq sertifikat almış sınaq laboratoriyalarının fəaliyyəti ilə də tanış olub.

“Neftqaz” Elmi-Tədqiqat Layihə İnstitutu Özbəkistanda qazma və sementləmə məhlullarını öyrənmək üçün sınaq laboratoriyası tikməyi planlaşdırır.

Danışıqların nəticəsi olaraq, birgə İşçi Qrupunun üzvləri layihənin növbəti mərhələləri barədə razılığa gəliblər.

https://report.az/energetika/socar-ozbekistanda-kimya-ve-neft-qaz-avadanliqlari-istehsal-edecek/