XƏBƏRLƏR

İFC: “Azərbaycan istixana qazı emissiyalarının azaldılmasında əhəmiyyətli nəticələrə nail olub”

NOYABR 30, 2023

Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte bildirib ki, Azərbaycan son illərdə iqlim dəyişikliyi və xüsusilə də istixana qazı emissiyalarının azaldılması sahəsində mühüm addımlar atıb və əhəmiyyətli nəticələrə nail olub.

Onun sözlərinə görə, özəl sektorun iqlim məsələləri ilə bağlı böyük potensialı var: “İFC əsasən özəl sektorla bağlı layihələrdə iştirak edir. Biz hesab edirik ki, özəl sektorun iqlim məsələləri ilə bağlı böyük potensialı var və onların bu potensiallarından istifadə etmək lazımdır”.

İ.Duarte bildirib ki, özəl sektorun investisiyalarının, xüsusilə də kənd təsərrüfatı sektoru, iqlim dəyişiklikləri ilə mübarizə məsələləri ilə bağlı diigər “ağıllı kənd təsərrüfatı" layihələrinin həyata keçirilməsində böyük imkanlar var: “Bu həm birbaşa özəl sektor investisiyaları vasitəsilə, həm də dövlət özəl tərəfdaşlığı vasitəsilə təmin edilə bilər. Biz İFC olaraq həmişə Azərbaycana iqtisadi inkişaf və eləcə də iqtisadiyyatın şaxələndirilməsi sahəsində dəstək vermişik”.

İFC-nin rəsmisi əlavə edib ki, qurum hazırda da karbon emissiyasının azaldılması istiqamətində Azərbaycana dəstəyini davam etdirir.

Dünya Bankı Qrupunun bu gün açıqladığı Azərbaycana dair İqlim və İnkişaf Hesabatında (CCDR), Azərbaycan iqlim dəyişikliyi üzrə Paris Sazişini imzalasa da, hələ ki, ölkə üzrə emissiyaların xalis sıfır səviyyəsinə çatdırılması ilə bağlı üzərinə hər hansı öhdəlik götürməyib. Bununla belə, ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 35 %, 2050-ci ilə qədər isə 40 % azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib.

https://report.az/energetika/ifc-azerbaycan-istixana-qazi-emissiyalarinin-azaldilmasinda-ehemiyyetli-neticelere-nail-olub/