XƏBƏRLƏR

Azərbaycan ekoloji tarazlığın təmin olunması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edib

NOYABR 30, 2023

"Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək İqlim Dəyişmələri üzrə 28-ci Konfransda (COP28) Azərbaycanın iştirakını şərh edərkən deyib ki, Azərbaycanda ekoloji tarazlığın təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması üçün əhəmiyyətli nəticələr əldə olunub.

Onun sözlərinə görə, bu tədbir Azərbaycan həqiqətlərinin növbəti dəfə dünya ictimaiyyətinə çatdırmaq üçün mötəbər bir platforma olacaq.

“Bildiyiniz kimi Azərbaycan uzun illərdən sonra öz torpaqlarını düşmən tapdağından azad edərək ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. İşğal dövründə Azərbaycanın təbii sərvətləri Ermənistan tərəfindən kütləvi şəkildə talan olunub. İşğal altında olan torpaqlarda sözün həqiqi mənasında ekoloji terror həyata keçirilib. Biz COP28 konfransında işğaldan azad olunan ərazilərdə Ermənistanın həyata keçirdiyi ekoloji terroru, bunun nəticəsində bizə dəymiş ziyanın miqyasını geniş auditoriyaya çatdırmaq üçün əhəmiyyətli imkan əldə edəcəyik”,- deyə o qeyd edib.

Ekspert Azərbaycanda bərpa olunan enerji sahəsində böyük potensialının olduğunu diqqətə çatdıraraq, enerji keçidinin ölkənin əsas prioritetlərindən olduğunu vurğulayıb: “Azərbaycanın bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin potensialı 157 qiqavat təşkil edir. Bu potensialın reallaşdırılması yönündə əməli fəaliyyət həyata keçirilir. Belə ki, Azərbaycan artıq “yaşıl enerji” sahəsində ümumilikdə 25 qiqavatlıq saziş və memorandumlar imzalayıb. Həmin layihələr reallaşdıqca mərhələli şəkildə 2026-cı ilə qədər “yaşıl enerji” üzrə istehsal güclərinin 1,8 qiqavat, 2030-cu ilə qədər isə 5 qiqavata çatdırılması planlaşdırılır. Eyni zamanda 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30 %-ə çatdırılması hədəf kimi müəyyənləşdirilib".

İ. Həsənova vurğulayıb ki, "yaşıl enerji" zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9 200 meqavat təşkil edir: "Hidroenerji potensialı isə minimal olaraq 600 meqavat təşkil edir. COP28 kimi mötəbər bir tədbirdə dünyanın bərpa olunan enerji sahəsində ixtisaslaşmış nəhəng şirkətlər iştirak edəcək. Buna görə də bizim bu konfrasda təmsil olmağımız işğaldan azad olunan ərazilərin potensialını həmin şirkətlərin diqqətinə çatdırmaq və yeni investisiyaların cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edən bir addımdır. Bu, həmdə bizə ekologiya və iqlim dəyişiklikləri sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar yaradacaq”.

Xatırladaq ki, noyabrın 30-dan dekabrın 12-nədək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 baş tutacaq. Tədbirə 100-dən çox dövlət və hökumət başçısı, eləcə də ümumilikdə 100 000-ə yaxın nümayəndənin qatılacağı gözlənilir.

Azərbaycan ilk dəfə sözügedən tədbir çərçivəsində öz pavilyonu ilə təmsil olunacaq. 254 m2-lik ərazidə qurulmuş pavilyonda ölkəmizin iqlim dəyişmələri ilə mübarizə sahəsində gördüyü işlər, yumşaldılma və adaptasiya tədbirlərini özündə əks etdirən virtual eksponatların nümayişi ilə yanaşı müxtəlif yerli, regional və beynəlxalq təşkilatlar ilə birgə paralel görüş (side event) və seminarlarının keçirilməsi də planlaşdırılır.

https://report.az/energetika/ekspert-azerbaycan-ekoloji-tarazligin-temin-olunmasi-istiqametinde-ehemiyyetli-nailiyyetler-elde-edib/