Azərbaycanda 35/10/0,4 kV-luq üçpilləli sxemdən 35/0,4 kV-luq ikipilləli sxemə keçidlə Paylayıcı Elektrik Şəbəkələrinin topoqrafik sxemində gərginlik pilləsinin sadələşdirilməsi nəticəsində “yaşıl enerji” zonasında 6-10 kV-luq şəbəkələrin ləğvi ilə illik 42,5 milyon kubmetr təbii qaza qənaət edilir.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci (COP-28) sessiyası çərçivəsində “Azərişıq” ASC-nin rəhbərliyi bir sıra xarici şirkət rəhbərləri ilə keçirilən görüşündə bildirilib.
Məlumata görə, bu, həmçinin 102 min ton karbon dioksid (CO₂) emissiyasının qarşısını alacaq. Görüşlər zamanı əsasən “Azərişıq” ASC-nin tətbiq etdiyi innovativ yeniliklər nəticəsində “yaşıl enerji” sahəsində əldə olunan nailiyyətlərdən bəhs edilib.
Qeyd olunub ki, bu gün Azərbaycanda tətbiq olunan innovativ yeniliklər ənənəvi enerjidən “yaşıl enerji”yə keçidi daha da sürətləndirir.
“Azərişıq” ASC tərəfindən “Yaşıl Enerji” mənbələrinin həyata keçirilməsi sayəsində bir yarımstansiyanın dam örtüyündə quraşdırılan mikro-Günəş Elektrik Stansiyası illik istehsalı 40 min kV/saat təşkil edir. Bu da 1 150 elektromobilin enerji təchizatına və ya 230 min km məsafəni qət etməyə imkan verir. Hər il Azərbaycanda bütün yarımstansiyalarda quraşdırılmış Günəş Elektrik Stansiyalarından alınan enerji ilə 48 milyon kV/saat elektrik enerjisi, 12 milyon kubmetr təbii qaza qənaət edilir.
Bildirilir ki, “Azərişıq” tərəfindən Rəqəmsal Yarımstansiyanın həyata keçirilməsi ilə Sadələşdirilmiş sistem təsvirləri və mobil 3D texnologiyasından istifadə etməklə mühəndislik səyləri azaldılır. Məsafədən işəsalma və sınaqdan keçirmə daha sürətli və asan olur. Həmçinin, “Azərişıq” ASC-də kabel və hava elektrik verilişi xətləri də daxil olmaqla, şəbəkə elementlərinin texniki vəziyyətinin qiymətləndirilməsi üçün xüsusi təyinatlı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməsi qəza yerlərinin müəyyən olunmasına şərait yaradır.
“Azərişıq” tərəfindən ənənəvi metal konstruksiya əvəzinə 35-0,4 kV kompozit dirəklər quraşdırılır. Şüşə lifli kompozit dirəklər ildırım vurması, gövdəyə cərəyan sızması hallarında uzun məsafəli kabel xətlərində ənənəvi metal və dəmir-beton dirəklərdən daha yaxşı dielektrik xüsusiyyətlərə malikdir. Fiberglas kompozit dirəklər sərt iqlim və ərazi şərtlərində, buz, donma-ərimə dövrlərində və dağlıq ərazilərdə yaxşı dözür. Həmçinin çəkisinin aşağı olması onların çətin ərazilərə daşınmasını asanlaşdırır. Elektrik şəbəkələrinin istismarı, qeydiyyatı, təhlili və planlaşdırılmasının daha dəqiq və çevik həyata keçirilməsi üçün paylayıcı şəbəkələrdə İnformasiya Texnologiyalarının tətbiqi sahəsində müasir tendensiyalardan biri olan 3D – mobil xəritəçəkmə texnologiyası da artıq istifadəyə verilib.
https://report.az/energetika/azerisiq-yasil-enerji-zonasinda-her-il-102-min-ton-karbon-emissiyasinin-qarsisi-alinacaq/