XƏBƏRLƏR

Azərbaycan Cənub-Şərqi Avropanın enerji mənbələri ilə təmin olunmasında mühüm rol oynayır

DEKABR 08, 2023

Azərbaycan Cənub-Şərqi Avropanın enerji mənbələri ilə təmin olunmasında mühüm rol oynayır.

Bunu Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malkolm Offord Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında deyib.

"Komissiyanın bu ilin may ayında keçirilən beşinci iclasından sonra digər istiqamətlərdəki investorların etimadının möhkəmlənməsi barədə müsbət addımlar barədə eşitmək mənim üçün xoşdur. Gömrük və vergi məsələləri üzrə hökumətlərarası işçi qruplar ikitərəfli ticarəti və investisiyaları daha müntəzəm, sürətli və şəffaf etməyə kömək edib. Artıq iqtisadiyyatlarımızı ləngidən maneələri aradan qaldıraraq,o cümlədən, bərpa olunan energetika sahəsində ticari münasibətləri yeni səviyyəyə çıxarmağın vaxtıdır", - o deyib.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarük etməyə başlayıb. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. 2022-ci ilin iyulunda Azərbaycan və Aİ arasında enerji sektorunda əməkdaşlıq memorandumu imzalanıb ki, bu da Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqlinin 2027-ci ilə qədər ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası başlayıb.

İclasda iki ölkə arasında biznes mühiti, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malkolm Offorddur.

https://az.trend.az/business/energy/3834161.html