Avropa İttifaqı (Aİ) üzv ölkələrə Rusiya və Belarusdan olan şirkətlərə qaz kəmərlərindən və mayeləşdirilmiş təbii qaz (LNG) terminallarından “mavi yanacaq” almağı qadağan etmək səlahiyyəti vermək istəyir.
Bu barədə "The Financial Times" qəzeti Brüsselin təklif etdiyi layihə mətninə istinadən yazır.
“Aİ üzv ölkələrə Rusiya və Belarusdan qaz idxalını dayandırmaq səlahiyyəti verməyə hazırlaşır. Brüsselin təklif etdiyi hüquqi mətn layihəsinə görə, üzv dövlət Rusiya və Belarusdan olan şirkətlərə qaz kəmərlərindən və LNG terminallarından “mavi yanacağ”ı almağı qadağan edə bilər”, - nəşr qeyd edib.
Qanun layihəsinə əsasən, Aİ-yə üzv dövlətlərə əsas təhlükəsizlik maraqlarını qorumaq üçün zəruri hallarda Rusiya və Belarusdan olan qaz operatorlarının infrastruktura çıxışını qismən və ya əsaslandırıldığı halda tamamilə məhdudlaşdırmağa icazə veriləcək.
Nəşr əlavə edir ki, son versiya hələ də parlament və üzv dövlətlər tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir.
https://report.az/energetika/ai-rusiyadan-qaz-tedarukculerine-qarsi-yeni-qanun-layihesi-hazirlayir/