Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkəti bu ilin yanvar-noyabr aylarında Bakı limanı istiqamətində neft tədarükünü 1 milyon 238 min tona çatdırıb.
"Kaztransoil" Xəzər dənizin Qazaxıstan sektorunda yerləşən "Tengiz" yatağından Bakı limanı istiqamətində Aktau limanına ixrac üçün göndərilən neftin həcmi son 1 ildə 205 min tondan 1 milyon 238 min tona qədər artıb.
Bildirilir ki, bu ilin 11 ayında Aktau limanından Qazaxıstan neftinin ixracı 3 milyon 62 min ton təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 14 min ton və ya 50 % çoxdur.
Bundan əlavə, hesabat dövründə Aktau limanından Mahaçqala limanına 1 milyon 824 min ton neft göndərilib.
Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.
https://report.az/energetika/bu-il-azerbaycan-qazaxistan-neftinin-neqlini-6-defe-artirib/