XƏBƏRLƏR

Atom elektrik stansiyaları ekoloji cəhətdən təmiz enerjinin ən etibarlı mənbəyidir

DEKABR 15, 2023

Beynəlxalq Nüvə İnfrastrukturu Bankının (IBNI) sədri Daniel Den Türkiyənin Mərsin şəhərində jurnalistlər üçün keçirilən seminarda deyib ki, atom elektrik stansiyaları ekoloji cəhətdən təmiz enerjinin ən etibarlı mənbəyidir. Onun sözlərinə görə, nüvə enerjisi həyat tsikli ərzində ən aşağı karbon tullantılarına malik enerji mənbəyi kimi ayrılır.

"Bununla belə, tikinti və istehsalat müddətində tullantılar minimal olsa da, var. Atom enerjisi enerji istehsalının ən etibarlı forması olmaqla inanılmaz dərəcədə yüksək güc əmsalları nümayiş etdirir və adətən, 90 faiz və ya daha yüksək olur. Daha geniş dekarbonizasiya məqsədlərinə nail olmaq üçün energetikanı müxtəlifləşdirmək lazımdır. Hidrogen və şirin su kimi enerji təchizatı formaları günümüzdə mühüm əhəmiyyət kəsb edir və nüvə texnologiyaları bu müxtəlif enerji növlərini təmin etmək gücündə olan universal həlldir", - deyə o qeyd edib.

Denin sözlərinə görə, təmiz enerji sahəsində milli və qlobal hədəflərin əldə olunmasına gəlincə, nüvə enerjisi adi aşağı karbonlu enerjidən daha çoxunu təklif edir.

"Nüvə enerjisinin universallığı istər elektrik enerjisinin artan istehlakı, iqtisadiyyatın elektrikləşdirilməsi, sənaye istiliyi, mərkəzi istilik və sərinlətmə sistemləri kimi müxtəlif növ enerji ehtiyaclarının, istərsə də aşağı karbonlu energetikada hidrogenə artan tələbatın qarşılanmasında təzahür edir. Bundan başqa, nüvə enerjisi şirinləşdirilmiş su istehsalına imkan yaratmaqla onun olduqca mühüm enerji ehtiyaclarının geniş spektrinə adaptasiyasını nümayiş etdirir", - deyə o əlavə edib.

Qeyd edək ki, 13-15 dekabr tarixlərində Türkiyənin Mərsin şəhərində jurnalistlər üçün müxtəlif növ təmiz enerji mənbələrinin texniki və iqtisadi aspektlərinə, eləcə də, onların gələcək aşağı karbonlu enerji sistemlərində necə qarşılıqlı fəaliyyət göstərə biləcəyinə həsr olunmuş seminar keçirilir.

Seminar Böyük Britaniyanın "New Nuclear Watch Institute" tərəfindən Türkiyə Atom Sənayesi Assosiasiyasının, eləcə də "Sustainable Enerji Projeler" şirkətinin əməkdaşlığı ilə keçirilir.

https://az.trend.az/business/3837726.html