Energetika Nazirliyində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl”texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə açıq elan edən nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan yenidənqurma işlərinin əsas istiqamətlərindəndir.
Həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kontekstində bərpa olunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində atılan addımların əhəmiyyəti bir daha diqqətə çatdırılıb.
Gündəliyə uyğun olaraq, İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərara əsasən icra edilmiş tapşırıqlara dair Katibliyin hesabatı dinlənilib. İşğaldan azad edilmiş ərazilərdə müvafiq monitorinqlərin aparılması, yol və küçə işıqlandırılmasının günəş əsaslı hibrid sistemlər vasitəsilə həyata keçirilməsi, istilik sistemlərinin tətbiqi, “Yaşıl Enerji” Zonası Nümayiş Pavilyonunun yaradılması, texnologiyaların tətbiqinə dair normativ-texniki bazanın formalaşdırılması kimi istiqamətlərdə görülmüş və icrası nəzərdə tutulan işlər müzakirə edilib.
İclasda işçi qrupuna daxil olan dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, eləcə də Qarabağ Dirçəliş Fondu və “Azəristiliktəchizat” ASC-nin nümayəndələri iştirak edib.
https://report.az/energetika/elaqelendirme-ve-monitorinq-uzre-isci-qrupunun-novbeti-iclasi-kecirilib/